CƏMİYYƏT
Göyçayda üç oğurluq hadisəsinin üstü açılıb
Bakı, 23 iyun, AZƏRTAC
Göyçay rayonunda yaşayan Məzahir Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək iyunun 16-da ona məxsus avtomobillərin yuyulması məntəqəsindən oğurluq olması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə gələn əməliyyat qrupu müvafiq araşdırmalarla oradan qaynaq aparatının, müşahidə kamerasının yaddaş bazasının, çanaq antenası aparatının və 12 manat məbləğində pulun oğurlanmasını müəyyən edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Polis əməkdaşları əməliyyat yolu ilə oğurluğun Orxan adlı şəxs tərəfindən törədilməsi barədə məlumat əldə ediblər. Rayonun Qaraman kənd sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. O, oğurluğu törətdiyini etiraf edib.
İstintaq-əməliyyat tədbirləri ilə O.Mustafayevin ötən ilin noyabr və dekabr aylarında rayon ərazisindəki iki mağazadan ümumilikdə 600 manat pul və 260 manat dəyərində tütün məmulatları oğurlaması da müəyyənləşib.
Hazırda istintaq tədbirləri davam etdirilir.