REGİONLAR
Göyçayda üçrəngli bayrağımız Dövlət Bayrağı Meydanında yenidən ucaldılıb
Göyçay, 29 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda 28 May - Respublika Günü böyük coşqu ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Parkında keçirilən mərasimdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə məlumat verib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti dövründə böyük nailiyyətlər əldə edib. Təəssüflər olsun ki, müstəqil cümhuriyyətimiz bolşeviklərin hücumuna məruz qalaraq devrilib. Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Diqqətə çatdırılıb ki, XX əsrin 90-cı illərinin əvvəllərində-müstəqilliyimizin yenidən bərpasının ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilməyib. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtulub və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünə qədəm qoyub.
Mehdi Səlimzadə bildirib ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra digər atributlar kimi, dövlət bayrağımız da bərpa edilib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Mehdi Səlimzadə qeyd edib ki, dünyada ən hündür bayraq dirəyi məhz Bakıda ucaldılıb, Bayraq Muzeyi yaradılıb.
Məlumat verilib ki, ötən 3 ay ərzində Göyçaydakı Dövlət Bayrağı Meydanında əsaslı təmir və bərpa işləri aparılıb, ərazisi genişləndirilib. Mərasimdə dövlət bayrağımız meydana gətirilərək yenidən ucaldılıb. Yenidən istifadəyə verilən Dövlət Bayrağı Meydanına toplaşan rayon sakinləri burada dalğalanan, müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Azərbaycan bayrağını qürur və sevinc hissləri ilə seyr ediblər.
Göyçay şəhərindəki Bayraq Muzeyinin qarşısında ucaldılan bayraq dirəyinin hündürlüyü 66 metrdir. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar var.
Bayram mərasimində məktəblilər şeir və mahnılar səsləndiriblər. Rayonun musiqi kollektivləri xüsusi proqramla tədbir iştirakçıları qarşısında çıxış ediblər.