REGİONLAR
Göyçayda yeni layihənin icrasına başlanılıb
Göyçay, 9 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarə edilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihənin icrasına başlayıb.
Təşkilatın sədri Əzizağa Atakişiyev AZƏRTAC-a bildirib ki, layihənin əsas məqsədi təsərrüfat sahiblərinə nar məhsulu istehsalı üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqrotexniki qaydada düzgün idarə edilməsi üçün 30 nəfər gəncin bilik və bacarıqlarını artırmaqdır.
Layihə çərçivəsində nar bağlarının effektiv idarə edilməsinə kömək məqsədilə xüsusi modul hazırlanacaq və regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək. Xüsusilə layihənin icrası zamanı Göyçay regional kənd təsərrüfatı idarəsi, Göyçay peşə liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq ediləcək.
Təşkil olunacaq təlimlərin sonunda istehsal müəssisələrinə və nar bağlarına öyrənmə səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.