REGİONLAR


Göyçayda yetişdirilən sarımsaq Rusiyaya ixrac olunur

Göyçay, 13 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda sarımsaq əkini ilə məşğul olan fermerlər məhsul yığımına başlayıblar.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il ilk dəfə olaraq Göyçayın 17 kəndində, ümumilikdə, 20 hektar ərazidə sarımsaq əkilib. Kəndlilər gəlirli sahə sayılan və bir çox xəstəliklərin dərmanı olan sarımsağın əkin ərazilərini xeyli genişləndiriblər. Sarımsaq əkini rayonun əsasən İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir kəndlərində kütləvi şəkildə həyata keçirilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıb. Təxminən 40-45 dərəcə şaxtaya davamlılığı ilə seçilən sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Ötən ilin sentyabrında əkilən sarımsağın bu günlərdə yığımına başlanılıb.

Hər hektar sahəyə 450 kiloqram toxum səpən kəndlilər builki məhsuldarlıqdan razıdırlar. Fermer Sərkər Süleymanov deyir ki, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 10-12 ton məhsul götürmək mümkündür. Ötən il həyətə gələn müştəriyə bir kiloqram sarımsaq 3 manata satılırdısa, bu il 5 manata təklif olunur. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarlarına aparırlar. Bunun üçün alıcılar bir ay öncə kəndlərə gedərək əvvəlcədən fermerlərə pul ödənişi ediblər. Alıcılar məhsul yığımı vaxtı sarımsağı birbaşa sahədə alaraq, qablaşdırıb aparırlar. Hazırda Göyçayın mərkəzi bazarında yerli sarımsağın bir kiloqramı 8-10 manata satılır.

Qeyd edək ki, ötən il Göyçayda 17 hektar sahədən 150 ton sarımsaq tədarük olunub. Bu il məhsulun daha çox olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.