REGİONLAR


Göyçayda yetişdirilən xurmanın 60-70 faizi Rusiya bazarlarına göndərilir

A+ A

Göyçay, 10 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il havanın əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində Göyçayın 30-a yaxın kəndində xurma bağlarında bol məhsul yetişdirilib. Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Rayonda mövcud olan 805 hektar barverən xurma bağından yığılan məhsulun təxminən 60-70 faizi Rusiya bazarlarına göndərilir.

Kəndlilər məhsulu öz həyətlərində müştərilərə münasib qiymətə satırlar. Ötən il rayonda xurma bağlarından 18 min 300 ton məhsul toplanılıb. Bu da ötən ildəkindən 230 ton çoxdur. Bu il 19 min tona yaxın məhsulun əldə ediləcəyi gözlənilir. Hazırda iş adamları kəndlilərdən aldıqları meyvəni Rusiya və Bakı bazarlarına çıxarırlar. Məhsulun bir hissəsini isə qış aylarına saxlayaraq, Göyçayın Potu kəndindəki tutumu 700 ton və Ərəbcəbirli kəndindəki tutumu 1000 ton olan soyuducu anbarlara yerləşdirirlər.

Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 12 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 10 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.