QAN YADDAŞI
Göyçaydakı maddi-mədəniyyət nümunələri 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərə şahidlik edir
Göyçay, 31 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
1918-ci ildə ermənilər ölkəmizin bir çox bölgələrində, o cümlədən Göyçayda günahsız insanlara qarşı böyük vəhşiliklər törədiblər. Həmin ilin mart-iyun aylarında Bakı, Şamaxı, Lənkəran, Quba, Göyçay, Kürdəmir və Salyanda kütləvi qırğınlar törədən erməni daşnakları və bolşeviklər Gəncə şəhərinə doğru hücuma keçiblər. Lakin general-mayor Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı silahdaşları ilə birlikdə erməni-rus birləşmələrinin hücumunun qarşısını alıblar. 1918-ci il iyunun 27-dən iyulun 2-dək Göyçay ərazisində gərgin döyüşlər baş verib. Göyçayın Qarabaqqal kəndinin ərazisi bir həftə davam edən münaqişənin dönüş nöqtəsi olub. Yəni, türk və azərbaycanlı əsgərlər daşnak erməniləri və bolşevik rusları məhz Göyçay ərazisindəki döyüşlərdən sonra geri çəkilməyə məcbur edərək onları Bakıyadək qovublar. 1918-ci il sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad edilərək Azərbaycanın paytaxtı elan olunub.
Göyçay rayonunda həmin qanlı tarixi hadisələri özündə yaşadan, onlara şahidlik edən maddi-mədəniyyət nümunələri bu gün də qorunub saxlanılır. 1918-ci ildə Göyçay ərazisində baş verən döyüşlər zamanı Bozdağda quraşdırılan erməni topundan atılan mərmi Göyçay şəhərindəki bir çinar ağacına dəyib və onu məhv edib. Lakin vaxt keçdikcə ağac yenidən boy atıb və bir gövdədən 4 budaq çıxıb. İndi həmin budaqların hər biri böyük bir ağacı xatırladır. Bu gün Göyçayda belə bir deyim var: “Ermənilər xalqımızın oğul və qızlarını qırdılar, lakin kökümüzü kəsə bilmədilər. Ölən hər bir şəhidin yerinə 4 oğul dünyaya gəldi. Beləcə insanlar artdı, çoxaldı”. Böyük gövdəsi olan bu çinar ağacı o qanlı döyüşləri özündə yaşadır, həmin tarixin canlı şahidi və tarixi abidə kimi qorunur. Çinar ağacı rayona gələn qonaqların ziyarət etdiyi maddi-mədəniyyət nümunələrindən biridir.
Rayonun Bığır, Qaraməryəm, Müsüslü, Cəyirli, Potu, Qarabaqqal kəndlərində mövcud olan naməlum türk əsgərlərinin məzarları 1918-ci ilin tarixi nişanəsi kimi qorunur. Mart hadisələri zamanı həlak olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi üçün Göyçay şəhərində ucaldılan abidə də tarixin qan yaddaşını özündə əks etdirir. Bu abidə gənclərin və rayona gələn qonaqların ziyarət etdiyi yerlərdəndir.
Rayon Tarix-Diyarşünaslıq Muzeyində azərbaycanlıların soyqırımı və deportasiya tarixini, 1918-ci ildə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Göyçayda törədilən qanlı hadisələri əks etdirən faktların toplandığı daimi guşə yaradılıb. Guşə gənclərin, məktəblilərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.