REGİONLAR
Göyçayın daha bir kəndi qazlaşdırılıb
Göyçay, 26 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun daha bir ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, rayonun Qəbələ-Müskürlü kəndinə təbii qazın verilməsi münasibətilə mayın 26-da keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2653 metr müxtəlif diametrli polietilen və 7293 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 82 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.
Sonra rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.