REGİONLAR
Göyçayın kəndlərində modul tipli su təmizləyici qurğular inşa olunur
Göyçay, 4 mart, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Göyçay rayonunda uğurla icra edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, proqrama uyğun olaraq hazırda Göyçay rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülür. Rayonun içməli su mənbəyi olmayan 16 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğuların quraşdırılması üçün torpaq sahələri seçilib və sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Nazirliyin sifarişi ilə rayonun Bığır, Mırtı, Alıkənd və Türkmən kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılmasına başlanılıb. Hazırda həmin kəndlərdə küçələrə yeni su xətləri də çəkilir. Yaxın vaxtlarda digər 12 kənddə də yeni su təmizləyici qurğuların inşası nəzərdə tutulur.
Bundan əlavə, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində nəzərdə tutulan işlər də davam etdirilir. Şəhərin 48 küçəsində su-kanalizasiya xətlərinin çəkilişi başa çatdırılıb, mənzillərə sayğaclar quraşdırılaraq əhali içməli su ilə təmin olunub.