REGİONLAR


Göyçayın orta məktəblərindən 23-ü müasir istilik sistemi ilə qızdırılır

A+ A

Göyçay, 27 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda müasir istilik sistemi ilə qızdırılan orta məktəblərin sayı artıb. Soyuq qış aylarında rayon mərkəzində 9 məktəblə yanaşı, kəndlərdəki bütün təhsil ocaqlarının normal qızdırılması təmin edilib.

Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda Göyçayda 57 orta məktəb fəaliyyət göstərir. Onlardan 40-ı tam orta, 13-ü ümumi orta, 4-ü ibtidai məktəbdir. Hər il Göyçayda yeni inşa edilən və ya əsaslı təmir olunan məktəblərdə müasir istilik sistemləri quraşdırılır. Bu günədək rayonun 20 orta məktəbində müasir qazanxana inşa edilib, yeni istilik sistemi quraşdırılıb. Qış mövsümü ərəfəsində həmin məktəblərin qazanxanalarında hazırlıq işləri görülüb. Bundan əlavə, 3 məktəbin dizel yanacağı və elektrik enerjisi ilə qızdırılması üçün istilik sistemi quraşdırılıb. Həmçinin müasir istilik sistemi quraşdırılmayan 34 məktəbdə odun sobalarından istifadə olunur.

Təhsil şöbəsinin daxili imkanları hesabına həmin məktəblərə yeni odun sobaları və tüstü boruları, 1000 kubmetr odun paylanılıb. Hazırda rayonun orta ümumtəhsil məktəblərində istilik sarıdan heç bir problem yoxdur. Bu da şagirdlərin dərsə davamiyyətinə müsbət təsir göstərir.

Rayonun orta ümumtəhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə profilaktik tədbirlər də görülüb. Məktəblərin həyətyanı ərazisindəki su hovuzları qaydaya salınıb, təhsil müəssisələri yanğına qarşı avadanlıqlarla təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.