REGİONLAR


Göyçaylı fermerlər aqrar sektorda məhsuldarlığı artırmağı qarşıya məqsəd qoyublar

Göyçay, 31 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatlar, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər Göyçayda da uğurla icra edilir. Dövlətimizin başçısının rayonlarda kənd təsərrüfatı sahəsində yerli istehsalın artırılması, xüsusən də pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, bu il Göyçayda mühüm işlər görülüb və uğurlu nəticələr qazanılıb. Rayon əhalisinin vaxtilə ənənəvi sahələr hesab olunan pambıqçılıq və baramaçılıqda yaxşı təcrübəsi var və hazırda Göyçayda bu sahələrin inkişafı üçün mövcud imkanlardan geniş istifadə edilir.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə aqrar sahənin inkişafına Göyçayın torpaq mülkiyyətçiləri və fermerləri öz töhfəsini verməkdədir. Rayonda kənd təsərrüfatı üçün yararlı hesab olunan və xüsusi mülkiyyətə verilmiş 23267 hektar, bələdiyyə mülkiyyətində isə 18854 hektar torpaq sahəsi mövcuddur. Bunun da böyük hissəsi 2016-cı ildə əkin işlərinə cəlb edilib. Bu il rayonda 13880 hektar sahədə taxıl yetişdirilib, 37 min 67 ton məhsul tədarük olunub. Ötən illə müqayisədə bu il rayonda taxıl əkini sahəsi və əldə edilən məhsul xeyli çox olub. Belə ki, 2015-ci ildə Göyçayda 13756 hektar sahədən 36 min 408 ton məhsul tədarük edilmişdi.

Dövlət yardımından bəhrələnən göyçaylı fermerlər kənd təsərrüfatı məhsullarının əkin sahəsini və məhsuldarlığı ildən-ilə artırırlar. Gələn ilin məhsulu üçün aparılan taxıl səpini bu günlərdə başa çatdırılıb. Kəndlilər 14100 hektar sahədə taxıl səpini aparıblar və hazırda sahələrə lazımi aqrotexniki qulluq edilir.

Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı və buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı Göyçayda uğurla icra olunur. Bununla əlaqədar rayonda yaradılan xüsusi komissiya cari ildə 5977 torpaq mülkiyyətçisinə dövlət büdcəsinin vəsaiti hesabına, ümumilikdə, 1 milyon 111 min 777 manat maddi yardım və subsidiya hesablayıb, həmin vəsait plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb.

Aqrar sahəyə dövlət qayğısının artması nəticəsində bu il Göyçay rayonunda kənd təsərrüfatının pambıqçılıq və baramaçılıq sahəsində əhəmiyyətli dirçəliş hiss edilib. Uzun illər fasilədən sonra 2016-cı ildə ilk dəfə olaraq 16 kənddə 200 hektar sahədə pambıq əkini aparılıb. Rayonda çiyid səpini aparılan sahələrə aqrotexniki qulluq edilərək, bol məhsul götürülüb. Fermerlər 143,45 min kiloqram məhsul tədarük edərək “Ucar-MKT” İstehsalat Kommersiya MMC-yə təhvil veriblər. Kəndlilər gələn il Göyçayda 600 hektardan çox sahədə çiyid səpini aparmağı planlaşdırırlar. Bunun üçün indidən hazırlıq işləri görülür, istifadəsiz qalan boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.

Eyni zamanda, uzun illər fasilədən sonra bu il ilk dəfə olaraq Göyçay rayonuna Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu gətirilərək yerli kümçülərə paylanılıb. Kümçülər 1200 kiloqram barama istehsal ediblər. Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə bu günlərdə Çin Xalq Respublikasından Azərbaycana gətirilən tut tinglərinin 40 min ədədi bölgü əsasında Göyçay rayonuna göndərilib. Tinglərin vaxtında əkilməsi üçün kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edilib. Üç kəndin ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid boş torpaq sahələri ayrılıb, tut tinglərinin əkilməsi təmin olunub. Rayonun Mallı-Şıxlı kəndində 2 hektar, Ləkçiplaq və Alpoud kəndlərinin hər birində isə bir hektar tut bağı salınıb. Hər hektar əraziyə 10 min ədəd tut tingi əkilib.

Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon sakinlərinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə son bir ayda əlavə olaraq 24 kənddə 12 hektar sahədə yeni tut bağı salınıb. Həmin bağlara, ümumilikdə, 10 min ədəd yerli tut tingi əkilib. Yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməkliyi ilə Göyçaya daha 5 min ədəd tut tingi gətiriləcək. Hazırda yeni salınan tut bağları hesabına gələn il Göyçayda 3 ton barama istehsalı gözlənilir.

Bundan əlavə, heyvandarlığın və quşçuluğun inkişafı məqsədilə bu il ilk dəfə olaraq 132 hektar sahədə qarğıdalı əkilib, 548 ton məhsul əldə olunub. Rayonda iri və xırdabuynuzlu mal-qaranın, damazlıq heyvanların baş sayı xeyli artırılıb, süni mayalandırma işləri sürətləndirilib. Hazırda rayonda 48 min 250 baş iribuynuzlu, 68 min 400 baş xırdabuynuzlu heyvan bəslənilir. Son illər süni mayalama tədbirlərinin genişləndirilməsi heyvandarlıq sahəsinin inkişafına da təkan verib. Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə Göyçayda süni mayalama məntəqələri yaradılıb. Kəndlərdə fəaliyyət göstərən süni mayalama texnikləri bu ilin 11 ayında 3630 baş iribuynuzlu heyvanı süni yolla mayalandırıblar. Süni mayalanmış inək, düyə və camışlardan 2415 baş sağlam bala alınıb. Həmçinin, bu il Göyçayda ilk dəfə olaraq ətlik və südlük heyvandarlıq təsərrüfatı yaradılıb. Belə ki, sahibkar Samir Əliyev tərəfindən rayonun Potu kəndi ərazisində heyvandarlıq təsərrüfatı yaradılıb və hazırda orada Almaniyadan gətirilən 55 baş cins iribuynuzlu heyvan bəslənilir.

Prezident İlham Əliyev ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi üçün müvafiq tapşırıqlar verərkən bildirib ki, kənd təsərrüfatının ənənəvi strateji sahələri bərpa edilməklə yanaşı, rayonlar üzrə ixtisaslaşma da nəzərə alınmalıdır. Göyçayın məhz bağçılıq, baramaçılıq, pambıqçılıq və tərəvəzçilik sahəsində böyük təcrübəsi var. Vaxtilə rayon üzümçülükdə də ciddi uğurlar qazanıb və mövcud potensial bu sahəni bərpa etməyə imkan yaradır. Bu il Göyçayda yeni meyvə bağlarının, xüsusən də nar, xurma, heyva və alça bağlarının salınmasına böyük önəm verilib. Cari ildə 120 hektar sahədə yeni meyvə bağı salınıb. Hazırda rayonda 5766 hektar sahədə meyvə bağı mövcuddur ki, bunun 4915 hektarı bar verəndir. Bu il Göyçayda 62 min 770 ton meyvə tədarük olunub. Həmçinin 3912 hektar nar bağından 42 min 300 ton, 805 hektar xurma bağından 14 min 700 ton məhsul götürülüb.

Göyçaylı torpaq mülkiyyətçiləri bostan və tərəvəz əkini sahəsini və məhsuldarlığı ildən-ilə artırmağı qarşıya məqsəd qoyublar. Bu il rayonda 1071 hektar sahədə tərəvəz məhsulları yetişdirilib ki, bu da ötən ildəkindən 30 hektar çoxdur. Tərəvəz sahələrinin 263 hektarını qapalı pomidor və xiyar istixanaları təşkil edir. Kənd zəhmətkeşləri cari ildə 18 min 600 ton tərəvəz məhsulu istehsal ediblər ki, bunun 5040 hektarı qapalı istixanaların payına düşür.

Rayonda tərəvəz bitkiləri ənənəvi olaraq hər il yaz aylarında əkilir və yayda məhsul toplanşı həyata keçirilir. Lakin bu il ilk dəfə olaraq Göyçayda payız ayları üçün açıq havada təkrar tərəvəz əkini aparılıb. Təkrar əkin zamanı pomidor, xiyar, paxla, badımcan, bibər və digər bitkilər əkilib. Ümumilikdə 64,5 hektar sahədə təkrar tərəvəz əkini aparılıb və payız aylarında əlavə 420 ton məhsul tədarük olunub. Bu il rayonda 37 hektar sahədə 619 ton bostan, 157 hektar sahədə 1871 ton kartof istehsal edilib ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur.

Bir sözlə, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar növbəti ilə bu sahədə daha böyük nailiyyətlərin əldə olunacağına əminlik yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.