REGİONLAR
Göyçaylı fermerlər gələn il 1000 hektar sahədə pambıq yetişdirməyi planlaşdırırlar
Göyçay, 8 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçaylı fermerlər 11 illik fasilədən sonra ilk dəfə becərdikləri pambığın yığımını davam etdirirlər. Sahələrdən “ağ qızıl”ın itkisiz toplanılması üçün bütün qüvvələr səfərbər edilib. Rayon icra hakimiyyətinin nümayəndələri və mütəxəssislər tez-tez sahələrdə olur, problemlərin operativ surətdə aradan qaldırılması üçün tədbirlər görürlər.
Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda iqtisadiyyatın və sahibkarlığın inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması, eləcə də ölkəmizin pambığa olan tələbatını ödənilməsi istiqamətində əməli addımlar atılır. Yerli fermerlərin pambıqçılıq sahəsində zəngin təcrübə və imkanları var. Ötən əsrin 80-ci illərində Göyçayda 10 min ton pambıq istehsal olunub. Sonradan bu sahəyə diqqət azalıb və 2006-cı ildən bəri rayonda pambıq əkilməyib.
Pambıqçılığın inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, göstərilən hərtərəfli dövlət dəstəyi artıq öz bəhrəsini verməkdədir. On bir illik fasilədən sonra cari ildə Göyçayın 16 kəndində ilk dəfə olaraq, ümumilikdə, 200 hektar sahədə pambıq yetişdirilib. Göyçayda çiyid səpini aparılan sahələrə yaxşı aqrotexniki qulluq edilərək bol məhsul əldə olunub.
Bu günədək tarlalardan 68 tondan çox pambıq yığılıb. Məhsul yığımının noyabradək başa çatdırılması nəzərdə tutulur. Göyçaylı fermerlər dövlət yardımından bəhrələnərək gələn il rayonda 1000 hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün indidən hazırlıq işləri aparılır, istifadəsiz qalan boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur.