DÜNYA
Göyərtəsində 47 sərnişin olan Pakistan təyyarəsi qəzaya uğrayıb
Bakı, 7 dekabr, AZƏRTAC
Pakistan International Airlines aviaşirkətinin Çitral-İslamabad reysi ilə uçan sərnişin təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Geo.tv telekanalı Bənəzir Bhutto adına İslamabad beynəlxalq aeroportunun administrasiyasına əsasən məlumat yayıb. Aeroportun dispetçer xidmətinin nümayəndəsi faktı təsdiqləyərək bildirib ki, təyyarə havaya qalxdıqdan saat yarım sonra laynerin kapitanı SOS siqnalı verib və bundan dərhal sonra onunla əlaqə kəsilib.
Pakistan ordusunun rəhbərliyi güman olunan qəza yerinə xilasedicilər göndərilməsi barədə əmr verib. İslamabad aeroportunda hadisə barədə informasiyaların toplanması üçün “qaynar xətt” fəaliyyətə başlayıb.
Xatırladaq ki, layner yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 14:30) Çitral şəhərindən havaya qalxmışdı və saat 16:40-da İslamabadda eniş etməli idi.