CƏMİYYƏT


Göygöl Milli Parkının direktoruna şiddətli töhmət verilib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Göygöl Milli Parkında təmizliyə riayət olunması ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlər, o cümlədən aparılan kütləvi maarifləndirmə işləri və tətbiq edilən ciddi qaydalar nəticəsində artıq neqativ hallar aradan qaldırılıb. Parkın ərazisində çoxlu sayda zibil qutuları yerləşdirilib, turistlərin park ərazisinə gətirdiyi qidaların istifadəsi üçün xüsusi özünəxidmət köşkləri yaradılıb. Halbuki milli parklarda zibil qutularının yalnız giriş hissədə və inzibati binanın yaxınlığında qoyulması praktikası var. Çünki milli parklarda turistlərin tullantıları özü ilə daşıması şərtdir və buna əməl olunması vacib sayılır. Lakin görülən tədbirlərə, aparılan təbliğat işlərinə və bu mövzuda dəfələrlə keçirilən ictimai müzakirələrə baxmayaraq, təəssüf ki, yenə də Göygöl Milli Parkının bəzi yerlərində vətəndaşlar tərəfindən atılmış tullantılara rast gəlinir. Qoyulan qadağalara baxmayaraq, əhali arasında daha çox müqəddəs yer kimi tanınan Maralgöl ərazisinə gələnlər özləri ilə ərzaq və içkilər keçirir, sonra boş şüşələr ətrafa, hətta gölə atılır.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu günlərdə sosial şəbəkədə Maralgöl ərazisinin vətəndaşlar tərəfindən müxtəlif məişət tullantıları ilə çirkləndirilməsindən, ziyarətçilərin qaydalara əməl etməməsindən bəhs olunub və belə insanlar qınanılıb. Göygöl Milli Parkında turistlər üçün yaradılan şərait, infrastruktur, Maralgölə avtobusların təşkili təqdir edilib. Buna baxmayaraq nazirlik tərəfindən bu cür halların milli park əməkdaşlarının öz xidməti vəzifələrinə laqeyd yanaşmalarının göstəricisi, vaxtında sərt tədbirlərin görülməməsi, nəzarət funksiyalarının lazımınca yerinə yetirilməməsi və milli park rəhbərliyinin öz vəzifələrini lazımi şəkildə icra edə bilməməsi kimi qiymətləndirilib.

Göygöl Milli Parkına gələnlərin Maralgöl ərazisini məişət tullantıları ilə çirkləndirməsinin qarşısını almadığına, lazımi qaydada nəzarət yaratmadığına və Milli Park əməkdaşlarının öz xidməti vəzifələrinə daha ciddi və məsuliyyətlə yanaşmalarını təmin etmədiyinə görə Göygöl Milli Parkının direktoruna şiddətli töhmət, nazirliyin milli parklara nəzarət edən departamentinin rəhbərinə isə töhmət verilib. Eyni zamanda, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə tapşırılıb ki, milli parkların fəaliyyəti üzərində nəzarət sistemini təkmilləşdirsin, təbiət ərazilərini çirkləndirən, rejimi pozan şəxslərin vaxtında aşkar olunması və adlarının daxili qaydaları pozanlar üçün nəzərdə tutulan “Qara siyahı”ya salınaraq parka buraxılmaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən cərimələnməsi üçün təcili tədbirlər görsün.

Nazirlik onu da bildirir ki, Göygöl Milli Parkına 2016-cı ilin ötən ayları ərzində, 6 yaşınadək uşaqlar da daxil olmaqla yüz minədək turist gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.