CƏMİYYƏT
Göygöl Milli Parkının ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur
Bakı, 25 avqust, AZƏRTAC
Göygöl Milli Parkının inzibati binası Toğanalı kənd EATS-dən çəkilən telefonla və internetlə təmin olunub. Ümumiyyətlə, rayon ərazisində telefon və internet xidmətlərinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün tədbirlər davam etdirilir. Artıq "585" şəhər telefon abunəçilərinin sayında da artım var.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə Göygöl Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyev məlumat verib. O bildirib ki, gələcəkdə Göygöl Milli Parkının ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur. Bu da turistlərin və rayon sakinlərinin telefon, internet xidmətlərinə olan tələbatını tamamilə ödəyəcək.
V.Mirzəyev qeyd edib ki, rayonun digər ərazilərində də telefon və internet xidmətləri təmin edilir. Göygöl Milli Parkına yaxın Toğanalı kəndində 128 nömrə tutumlu EATS və 48 internet portu qurulub.
Bundan başqa, ən böyük kəndlərdən olan Çaykənd kəndində də 480 nömrə tutumlu EATS, 96 internet portu qurulub. Göygöl şəhərinin yeni yaşayış massivindəki mənzillər üçün tutumu 704 nömrə olan, Qırıxlı kəndində telefona və genişzolaqlı internetə olan tələbatı ödəmək məqsədilə 256 nömrə tutumlu "MSAN" şkaf tipli EATS qurulub. Rayon ərazisində bütün kənd EATS-lərində genişzolaqlı internetə çıxış imkanlığı var. Rayonda özəl internet klubların sayında da artım müşahidə olunur.