REGİONLAR
Göygöl məktəblisi: Qəbələ həm qədimliyi, həm də müasirliyi ilə seçilir
Qəbələ, 16 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Qədim tarixi şəhərləri və səfalı turizm məkanları ilə tanınan gözəl bir ölkədə yaşadığıma görə özümü xoşbəxt hesab edirəm.
Bunu “Ölkəmizi tanıyaq” devizi ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Göygöl şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fərid Zalov AZƏRTAC-a müsahibəsində söyləyib.
Qəbələ ilə ilk tanışlığın onda xoş təəssürat oyatdığını vurğulayan F.Zalov deyib: “Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar biz məktəbliləri də ürəkdən sevindirir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu tur-aksiya çərçivəsində Qəbələnin müasir simasının şahidi oluruq. Hər yerdə tikinti-quruculuq işləri gedir. Bu gözəllikləri gördükcə doğma Vətənimizə daha da ürəkdən bağlanırıq”.
“Mən burada yaşıllaşdırma aksiyasında fəal iştirak etdim. Yaşadığım rayona qayıdanda sinif yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacağam, onlara çəkdirdiyim şəkilləri göstərəcəyəm. Qəbələnin əsrarəngiz gözəlliyi var. Bu rayon həm qədimliyi, həm də müasirliyi ilə seçilir. İstərdim ki, ailəmizlə birgə yenə bu rayona gəlim. Sabah Qəbələdən Şəkiyə yola düşəcəyik. Mən Qəbələ kimi, Şəkiyə də ilk dəfə səfər edəcəyəm. Ümid edirəm ki, Şəkidən də xoş təəssüratlarla ayrılacağam”, - deyə Göygöl məktəblisi bildirib.