ELM VƏ TƏHSİL
Göygöl rayonu “ITB Berlin 2017” sərgisində turizm məkanı kimi təqdim olunacaq
Bakı, 15 fevral, M.Dadaşov AZƏRTAC
Martın 13-14-də Almaniyanın Berlin şəhərində keçiriləcək “ITB Berlin 2017” beynəlxalq turizm sərgisində Göygöl rayonu və ətraf ərazilər ölkəmizin turizm məkanı kimi təqdim olunacaq.
Bunu AZƏRTAC-ın müxbirinə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova bildirib.
Göygöl rayonuna işgüzar səfər etdiyini xatırladan Ş.Məmmədova diqqətə çatdırıb ki, bu ərazidə mövcud turizm müəssisələri, əsrarəngiz mənzərəli məkanlar, yerli sənətkarlar haqqında ətraflı məlumatlar toplanılıb və xüsusi interaktiv turistik xəritənin hazırlanması məqsədilə artıq alman mütəxəssislərə göndərilib. Həmçinin Göygöl şəhərindəki alman məskənləri, şəxsi evlər, kilsə, məktəb, yollar və alman qəbiristanlıqları təhlil olunub. Bir sözlə, sərgidə Göygöl bölgəsi üzrə maddi mədəniyyət abidələrinin alman turistlərə təqdimetmə imkanları tam araşdırılıb.
Ş.Məmmədova diqqətə çatdırıb ki, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşadıqları Azərbaycanda alman izlərinin araşdırılması və tədqiqinə böyük önəm verilir. 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul edilmiş qərara əsasən Azərbaycanda silsilə tədbirlər keçiriləcək. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi yox, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.