CƏMİYYƏT
Göygöl rayonunda 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 6-da bir əkin sahəsi, bir kənd yolu, 3 təhlükəli əraziyə baxış keçirərək 1 ədəd partlamamış hərbi sursat (BR471 - 122 mm-lik top mərmisi) aşkar ediblər. Nəticə etibarilə gün ərzində 2 200 kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əhmədağalı kəni ərazisindək əkin sahəsində 2 partlayış yerinə baxış keçirilərkən partlamamış hərbi sursat aşkar olunmayıb, nəticə etibarı ilə 2 min kvadratmetr ərazi yoxlanılıb.
Mütəxəssislər Göygöl rayonunun Mollacəlil kəndi yolunun kənarında təhlükəli ərazilərdən birinə baxış keçirərkən 1 ədəd partlamamış hərbi sursat (BR 471 - 122 mm-lik top mərmisi) aşkar ediblər. Hərbi sursat daşınması mümkün olduğundan Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarı ilə 200 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə ANAMA tərəfindən aprelin 7–dən iyulun-6-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 anbar, 30 ferma, əkin sahələri və 1 çaxır zavodunun ərazisinə baxış keçirilib. Nəticədə 1 576 ədəd partlamamış hərbi sursat, 18 ədəd piyada əleyhinə (PMN, POMZ-2, OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.