REGİONLAR
Göygöl rayonunda heyvanların brusellyoza qarşı yeni vaksinlə peyvəndlənməsinə başlanılıb
Gəncə, 25 may, Rauf Hacıyev, AZƏRTAC
İlin əvvəlindən başlayaraq Göygöl Baytarlıq İdarəsi tərəfindən rayonda saxlanılan 22 min baş iri, 160 min başdan çox xırdabuynuzlu heyvan arasında müxtəlif xəstəliklərin qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirilib.
Göygöl rayon Baytarlıq İdarəsinin rəisi Oqtay Həmidov AZƏRTAC-a bildirib ki, hazırda rayonda iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı davam edən peyvəndləmə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerlərdəki baytar həkimləri tərəfindən yeni vaksinlə aparılır.
O qeyd edib ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, respublikamızda da heyvanların peyvəndlənməsi REV-1 vaksini ilə aparılır. Çünki REV-1 vaksini brusellyoza qarşı effektiv vasitə olmaqla, heyvanlarda həm immuniteti artırır, həm də balasalma riskini minimuma endirir.
Oqtay Həmidov onu da bildirib ki, rayon Baytarlıq İdarəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən REV-1 vaksini, fərdi mühafizə vasitələri, dezinfeksiya maddələri və digər baytarlıq ləvazimatları ilə tam təmin olunub.
Mayın ikinci ongünlüyündən başlanılan peyvəndləmə göz-damcı üsulu ilə aparılır. Profilaktik tədbirlər çərçivəsində 10 min 378 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülərək seroloji müayinə üçün Göygöl Zona Baytarlıq laboratoriyasına göndərilib. Bu günədək rayon üzrə 183 min 532 baş heyvanda qarayara, 19 min 968 başda dabaq, 21 min 564 başda nodulyar dermatit və 12 min 218 başda leptosprioz xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb. Həmçinin həyətyanı sahələrdə saxlanılan 3651 itə quduzluq, 190 min 894 ev quşuna isə nyukasl xəstəliyinə qarşı vaksin vurulub. Aparılan tədbirlər nəticəsində hazırda rayonda epizootik vəziyyət sabitdir.