REGİONLAR
Göygöl şəhərindəki tarixi alman evlərinin fasadında təmir işlərinə başlanılıb
Göygöl, 15 aprel, Rauf Hacıyev, AZƏRTAC
Göygöl şəhərində alman evlərinin fasad hissəsində təmir işlərinə başlanılıb.
Göygöl Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, XIX əsrin ikinci yarısından etibarən burada yaşayan almanlar tərəfindən inşa olunan 550 evin fasadında təmir işləri aparılacaq.
Qeyd edilib ki, alman evləri şəhər tarixinin mühüm hissəsi kimi qorunub saxlanılır. XIX əsrdə Azərbaycanda məskunlaşdırılan alman koloniyaçıları tərəfindən yerli tikinti materialları ilə tikilən bu evlər dərin zirzəmiləri, çatma mansarı, kirəmitli dam örtükləri, taxta aynabəndləri, eyvanları, eləcə də bir çox memarlıq elementləri ilə fərqlənir. Əsasən Göygölün mərkəzindəki 5 küçədə cərgə-cərgə tikilən bu evlərin təmirində məqsəd buradakı alman izlərini olduğu kimi qoruyub saxlamaq və onları şəhərə gələn turistlərə nümayiş etdirməkdir.