REGİONLAR
Göygöl şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi olub
Bakı, 18 noyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Göygöl şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq Göygöl şəhərində Baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Göygöl Şəhər İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Göygöl şəhərinin yeni Baş planının işlənilməsi yüksək qiymətləndirilib.
Tədbirin sonunda Göygöl şəhərinin 2033-cü ilədək müddətə hesablanmış yeni Baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.