REGİONLAR
Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 709 min manat güzəştli kredit verilib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Göygöl rayonunun Xəqani kəndində keçirdiyi işgüzar forumda Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 709 min manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək və 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Forumda sahibkarlarla Göygöl rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Forumda Sahibkarlığa Kömək Milli Fondunun özəl bölmənin inkişafında, xüsusən də, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 521 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6300-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 233 milyon manatdan çox güzəştli kredit ayrılıb.
Qeyd edək ki, indiyədək Göygöl rayonundan olan 800-dən çox sahibkara 13,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Göygöldə güzəştli kredit ayrılan heyvandarlıq təsərrüfatına baxış keçirilib.