REGİONLAR
Göygöldə ekoloji təmiz kənd təsərrüfatının inkişafına dair treninq
Bakı, 26 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə mayın 26-da Göygöldə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularını əhatə edən treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, bu sahədə beynəlxalq təcrübə, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.