CƏMİYYƏT
Göygöldə su arxının kənarında minaatan mərmisi tapılıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminin məlumatları əsasında Göygöl rayonunun Aşağı Zurnabad kəndində su arxının kənarına baxış keçiriblər. Baxış zamanı bir 120 millimetrlik “3OF-49” modelli top/minaatan mərmisi (NONA) aşkar olunaraq yerində zərərsizləşdirilib. Ümumilikdə 400 kvadratmetr ərazi yoxlanılıb.
Yanvarın 1-dən aprelin 27-dək agentlik tərəfindən 5137 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 426 min 682 kvadratmetr ərazi yoxlanılıb.