CƏMİYYƏT
Göygöldə ümumi çəkisi 497 kiloqram olan çətənə kolları aşkarlanaraq məhv edilib VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsinə başlanılıb.
Həyata keçirilən kompleks yoxlama və əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonunun Topalhəsənli kəndindəki torpaq sahələrindən ümumi çəkisi 497 kiloqram olan 1132 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları rayon polis şöbəsi əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.
Göygöl Rayon Polis Şöbəsində qeyd olunan faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyənləşdirilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından kömək göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.