REGİONLAR
Göygöldə yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə olunub
Göygöl, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Göygöl rayonunda müəllimlərin ənənəvi sentyabr konfransında 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfransda ötən tədris ilində rayonda görülən işlər, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək nəticə əldə etmiş məzunlar, cari və əsaslı təmir işləri barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransı açan Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev “2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, rayonda son 13 ildə 21 yeni məktəb binası inşa edilib, 20 məktəb binası əsaslı təmir olunub, 6 məktəbdə isə əlavə korpus tikilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016-cı ildə ali məktəblərə keçirdiyi qəbul imtahanlarında Göygöl rayonu üzrə 390 abituriyent iştirak edib. Ali məktəblərə sənəd verən abituriyentlərdən 189 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 42 nəfəri 500-dən, 10 nəfəri isə 600-dən yuxarı bal toplayaraq respublikanın müvafiq ali məktəblərinə daxil olublar.
Daha sonra konfransda Təhsil Nazirliyinin rəsmisi Mirbaba Babayev, Göygöl Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, rayon 1 və 3 saylı tam orta məktəblərin direktorları, həmçinin digər çıxış edənlər ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərdən danışıb, gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi Göygöl rayonunda təhsillə bağlı nəticələrə də müsbət təsir göstərib.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.