REGİONLAR
Göytəpə Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid ən böyük yaşayış məskənidir
Tovuz, 26 may, AZƏRTAC
Tovuz rayonunda yerləşən qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni iki hektardan çox ərazini əhatə edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkib, yerüstü materiallar toplayıb. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.
Abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılıb. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaradıb.
Aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.
Qeyd edək ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarıb. Tədqiqatçılar bildirirlər ki, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməyib. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən “Britaniya muzeyi”ndə, həmin ildə Parisdə “Kollec-de-Frans” təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olub.
Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Adil Həsənovun verdiyi məlumata görə, abidə rayonun turizm marşrutuna daxil edilib və ərazidə arxeoparkın yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev 2012-ci ildə qərb bölgəsinə səfəri zamanı neolit dövrünün abidəsi olan Göytəpədə tədqiqat işlərinin nəticələri ilə tanış olub. Azərbaycan Prezidenti abidənin hərtərəfli öyrənilməsi məqsədi ilə 2012-ci il aprelin 18-də “Göytəpə Arxeologiya Parkı”nın yaradılması barədə Sərəncam imzalayıb.