REGİONLAR


Göz xəstəliklərinə qarşı yeni müalicə üsullarından istifadə olunur

A+ A

Naxçıvan, 26 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsində son günlər bir neçə ilkə imza atılıb. Xəstəxanada ilk dəfə olaraq göz dibində qanamanı dayandırmaq və görməni artırmaq məqsədilə 3 xəstədə 5 manipulyasiya apararkən xəstənin gözünə introvitreal avastin (bevacizumab) inyeksiyası icra edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublika Xəstəxanası yeni binada fəaliyyətə başlayandan sonra ilk dəfə olaraq burada bir xəstə üzərində fakoemulsifikasiya üsulu ilə katarakt cərrahiyyəsi aparılıb. Cərrahiyyə əməliyyatı gənc həkim-oftalmoloq Rövşən Nəsirov tərəfindən həyata keçirilib.

Xəstəxananın Göz xəstəlikləri şöbəsində çalışan 7 həkim oftalmoloq biomikroskopu, autrorefraktokeratometr, PUF-tonometr, fako cihazı (alcon), əməliyyat mikroskopu və digər tibbi avadanlıqlarla həm ambulator müayinə, həm də stasionar müalicə aparır. Miopiya, katarakt, konyuktivit, qlaukoma, çəpgözlük, buynuz qişa, tor qişanın xəstəliyi və sair aşkar olunaraq müalicə edilir. Müasir texnologiyalar sayəsində həm müayinə, həm də müalicə üsulları təkmilləşib. Belə ki, daha dəqiq diaqnoz, daha incə əməliyyatlar və daha qısa sağalma dövrü olan əməliyyatlar aparılır. Tibb elminin nailiyyətlərinin qısa zamanda təcrübədə tətbiq edilməsi əhali arasında göz xəstəliklərinin və görmə üzrə əlilliyin azalmasına səbəb olur.

Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən oftalmoloji xidmətin koordinasiyasına ciddi nəzarət edilməsi, göz əməliyyatlarının yerli mütəxəssislər tərəfindən yüksək səviyyədə aparılması üçün kadrların hazırlığına diqqətin daha da artırılması səhiyyə müəssisəsində oftalmoloq ixtisası üzrə kadr çatışmazlığının aradan qaldırılmasına şərait yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.