QAN YADDAŞI
“Gözü yolda Xocalım” kompozisiya-tamaşası nümayiş etdirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “Gözü yolda Xocalım” kompozisiya-tamaşası nümayiş etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə XX əsrin ən dəhşətli terror aktı olan Xocalı soyqırımını əks etdirən videomaterial göstərilmiş, faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Universitetin Tədris Mərkəzində təqdim olunan kompozisiya Xocalı faciəsinin dəhşətlərindən, vəhşi erməni yaraqlıları tərəfindən xalqımızın başına gətirilmiş müsibətlərdən bəhs edir. Kompozisiya- tamaşa vasitəsilə heç kimdən kömək görməyən silahsız Xocalı sakinlərinin vəhşicəsinə öldürülməsi, insanların şikəst edilərək əsir götürülməsi və digər dəhşətli səhnələr bir daha real faktlar əsasında tamaşaçılara çatdırılmışdır.
ADMİU-nun dosenti Mahirə Yaqubova tərəfindən hazırlanmış kompozisiyada əsas rolları əməkdar artistlər Ağalar Bayramov, Gülsabah Quliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Kəmalə Mehdiyeva, Fərxunə Atakişiyeva, Zülfiyyə İsmayılova və universitetin tələbələri ifa etmişlər.
Xocalı faciəsini əks etdirən müxtəlif tarixi faktlar, nəsr və poeziya nümunələri əsasında hazırlanmış bu kompozisiya-tamaşa iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.