İQTİSADİYYAT
“Grant Thornton Azərbaycan” Ermənistandakı şirkətdən Dağlıq Qarabağda fəaliyyət göstərməyəcəyinə dair yazılı vəd alıb
Bakı, 13 iyul, AZƏRTAC
“Grant Thornton Azərbaycan” şirkəti Dağlıq Qarabağda aparılan qanunsuz fəaliyyətə qarşı Azərbaycan Respublikası hökuməti ilə bir mövqedədir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin Ermənistanın üzv şirkətinin fəaliyyəti ilə əlaqədar mətbuata verdiyi açıqlamadan sonra “Grant Thornton Azərbaycan” şirkəti nazirliyə öz dəstəyini ifadə edib və dərhal “Grant Thornton İnterneşnl” və “Grant Thornton Ermənistan” şirkətlərinə onların qanunsuz fəaliyyəti ilə bağlı nota göndərib.
“Grant Thornton Azərbaycan” şirkəti dərhal “Grant Thornton İnterneşnl” və “Grant Thornton Ermənistan” şirkətləri ilə əlaqə saxlayaraq Ermənistanın üzv şirkətindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində birbaşa və ya dolayı yolla işgüzar və ya peşəkar fəaliyyət göstərməklə bağlı planlarının, işğal olunmuş ərazidə hüquqi təmsilçiliklə bağlı niyyətlərinin olmadığına dair yazılı vəd alıb. Bununla yanaşı, “Grant Thornton İnterneşnl” Ermənistanın üzv şirkətinin Dağlıq Qarabağda heç bir işgüzar fəaliyyət göstərməməklə bağlı imzaladığı bəyanata əməl edəcəyini və bu məsələni daim nəzarətdə saxlayacağını yazılı şəkildə təsdiq edib. Öhdəliklərinin təsdiqi olaraq İqtisadiyyat Nazirliyinə iki məktub təqdim edilib.
“Grant Thornton Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Farouk Mohamed məlum məsələ ilə bağlı Azərbaycan hökuməti ilə bir mövqedə olduğunu bir daha təsdiq edib və heç bir vəziyyətdə qanunların pozulmasına imkan verməyəcəyini bildirərək Azərbaycan hökumətinin qanun və qaydalarına ehtiramını bir daha təsdiqləyib.
“Grant Thornton” uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir, ölkənin yerli biznes sahələrinin dayanıqlı inkişafına xidmət edir və “Grant Thornton Ermənistan” şirkəti ilə heç bir hüquqi, maliyyə və ya digər növ işgüzar əlaqələri yoxdur.
“Biz bu qaydada beynəlxalq tərəfdaşlarımız və yerli müştərilərimizə yüksək səviyyəli peşəkar xidmətlər göstərməyə davam edəcəyik”, - deyə “Grant Thornton Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Farouk Mohamed qeyd edib.