QAN YADDAŞI
“Guardian Liberty Voice” xəbər saytı “Azərbaycan ermənilər tərəfindən törədilmiş tarixi soyqırımı yad edir: 1918 mart günləri” sərlövhəli məqalə dərc etmişdir
London, 4 aprel (AZƏRTAC). Amerikanın “Guardian Liberty Voice” xəbər saytında “Azərbaycan ermənilər tərəfindən törədilmiş tarixi soyqırımı yad edir: 1918 mart günləri” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə bildirilir ki, Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən və “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər bolşevik bayrağı altında Azərbaycana qarşı soyqırımı törətmiş, minlərlə azərbaycanlını qətlə yetirmişlər. Bakı ilə yanaşı, işğalçı ermənilər Şamaxı, Quba, Lənkəran və Qarabağın kəndlərində qırğınlar törətmiş, məscidləri, məktəbləri, mədəniyyət ocaqlarını, xəstəxana və s. binaları yandırmış və dağıtmışlar.
Müəllif Azərbaycan tarixinə nəzər salaraq, mart hadisələrindən sonra müsəlman dünyasında ilk demokratik parlamentin əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması və nailiyyətlərindən bəhs etmişdir. 23 aylıq qısa ömründə AXC-nin müsəlman aləmində qadınlara seçki hüququnun verilməsi və müasir tipli universitetin yaradılması kimi daha bir çox ilklərə imza atdığını diqqətə çatdırmışdır.
Məqalədə bildirilir ki, AXC Nazirlər Şurası soyqırımın araşdırılması və həqiqətin dünyaya çatdırılması üçün 1918-ci il iyulun 15-də fövqəladə komitə yaratmışdır. 31 mart tarixi milli hüzn və kədər günü elan edilmişdir. 1920-ci ildə AXC qızıl ordu tərəfindən işğal edildikdən sonra Sovet siyasəti nəticəsində bu tarix 1998-ci ilə qədər anılmamışdır.
Yazıda, həmçinin qeyd olunmuşdur ki, 1998–ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan etmişdir.
Müəllif məqaləsində, soyqırımından qabaq və həmin ərəfədə Bakı şəhərinin heyrətamiz əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, sözü gedən dövrdə Bakı illik 7 milyon tonla dünya neft istehsalının 15 faizini əhatə etmişdir.
Bu şəhərdə 74 minə yaxın müxtəlif millətlərdən immiqrantlar yaşayırdı. Bu da paytaxt şəhərin əhəmiyyətini artırırdı.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London