REGİONLAR
Güclü külək Daşkəsən rayonunda fəsadlar törədib
Daşkəsən, 19 may, Rauf Hacıyev, AZƏRTAC
Mayın 19-da saat 13:30 radələrində Daşkəsəndə başlayan güclü külək şəhərdə bir sıra fərdi evlərin, çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtüklərini uçurub. Qasırğa nəticəsində Daşkəsən rayonunun elektrik və rabitə təsərrüfatına, həmçinin şəxsi minik avtomobillərinə ciddi ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, güclü külək Daşkəsən şəhərinin İsmət Qayıbov və Səməd Vurğun küçələrindəki beşmərtəbəli 4 binanın dam örtüyünü taxta konstruksiyalarla birlikdə kənara atıb.
Rayon sakinlərindən də xəsarət alanlar olub. Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciət edilib.
Qasırğa nəticəsində rayonda 10-dan çox elektrik dayağı, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqonmetrdən çox rabitə kabeli sıradan çıxıb.
Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.
Hazırda rayon ərazisinə dəymiş ziyanın həcmi müəyyənləşdirilir, daxili imkanlar hesabına təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.