REGİONLAR
Güclü külək Xaçmaz və Quba rayonlarında bir sıra fəsadlar törədib VİDEO
Xaçmaz, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 13-ü gecə saatlarında əsən güclü külək Xaçmaz və Quba rayonlarında bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, külək Xaçmaz və Quba rayonlarının elektrik təsərrüfatına ziyan vurub. 0,4 kilovoltluq hava xətlərində yaranan problemlərlə bağlı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.
Xaçmaz rayonunun Qusarçay kəndində bir neçə ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə düşüb. Şəhərin Heydər Əliyev küçəsində şam ağacları aşıb.
Quba rayonunun Zərdabi qəsəbəsində isə külək avtoyuma məntəqəsinin dam örtüyünü uçurub.
Xaçmaz və Quba Rayon Fövqəladə Hallar komissiyalarından bildirilib ki, güclü külək nəticəsində sakinlər arasında xəsarət alan yoxdur.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.