CƏMİYYƏT
Güclü külək və qasırğa Batumi şəhərinə ciddi ziyan vurub
Tbilisi, 19 aprel, AZƏRTAC
Aprelin 19-da gecə saatlarında Batumidə baş vermiş güclü külək və qasırğa nəticəsində azərbaycanlılara ziyan dəyməsi barədə Azərbaycanın bu şəhərdəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.
Baş konsulluq Batumi Şəhər Meriyası və digər aidiyyəti qurumlarla mütəmadi olaraq əlaqə saxlayır, vəziyyəti öyrənir.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, bölgədə yaşayan azərbaycanlılarla əlaqədar hər hansı bir xəbər olarsa, məsələyə dərhal reaksiya veriləcək.
Qeyd edək ki, aprelin 18-si günün ikinci yarısından başlayaraq Gürcüstan ərazisində güclü külək, bəzi yerlərdə şiddətli yağış yağıb. Nəticədə Gürcüstanın Qərb bölgəsinə ciddi ziyan dəyib. Ən çox ziyan Acarıstan Muxtar Respublikasına, xüsusən də Batumiyə dəyib.
Qeyd edək ki, gecə saatlarında güclənən külək nəticəsində Batuminin mərkəzi küçələrində bəzi evlərin dam örtüyü uçub, ağaclar kökündən qırılıb, minik avtomobillərinə, infrastruktura ciddi ziyan dəyib. Bəzi ərazilərdə ağacların aşması nəticəsində qaz trubaları sıradan çıxıb.
Qara dənizdə baş verən qasırğa nəticəsində Rusiyadan Türkiyəyə taxıl aparan “Qeroi Arsenala” yük gəmisi batıb. Gəmidə olan 12 nəfərdən 7-si itkin düşüb.
Dənizçilərin axtarışı davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi