DÜNYA
Güclü meşə yanğınları Portuqaliyada problemlər yaradıb
Bakı, 9 avqust, AZƏRTAC
Portuqaliyada son illərin ən böyük meşə yanğınları baş verir. Son üç gündə ölkənin 183 yerində davam edən yanğınlar əhali arasında həyəcana səbəb olub. Xeyli ev yanıb, minlərlə insan təxliyyə edilib. Yanğınların qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir.
Portuqaliyanın Madeyra adasında da geniş sahəni əhatə edən yanğının qarşısını almaq çətinləşib. Buradakı Marmeleiros xəstəxanasında müalicə olunan 200 xəstə başqa xəstəxanaya köçürülüb.
Milli Mülki Müdafiə İdarəsi ölkədəki vəziyyətin çox kritik olduğunu, xüsusilə 12 yerdə yanğınların miqyasının geniş olduğunu bildirib. Evlərlə yanaşı, aqrar sahəyə də ciddi ziyan vuran yanğınları söndürmək üçün hərbçilər və könüllülər daxil olmaqla 4 min 500 insan, havadan 33, qurudan 1300 yanğınsöndürən cəlb edilib.