REGİONLAR
Güclü qar səbəbindən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib VİDEO
Quba, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 14-dən başlayaraq yağan güclü qar səbəbindən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib.
AZƏRTAC xəbər verir ki, yolun bəzi hissələrində qarın hündürlüyü 20 santimetrə çatır. Xınalıq və həmin istiqamətdə yerləşən digər səkkiz kəndə ancaq qarlı yollar üçün nəzərdə tutulan avtomobillərlə getmək mümkündür. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqununun olma ehtimalı var.
Qarın yağması ilə əlaqədar "Azəravtoyol" ASC-nin yerli idarəsinin ağır texnikası və canlı qüvvəsinin köməyi ilə ərazidə təxirəsalınmaz tədbirlər görülür. Səhər saatlarında yol qardan təmizlənərək, duz-qum qarışığı səpilib. Növbətçi briqadalar yola nəzarət edir.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Qubanın rayon mərkəzinə 15, dağlıq ərazilərinə isə 25 santimetrədək qar yağıb. Qarın hündürlüyü Xınalıq kəndində 17, Xızının Altıağac qəsəbəsində 6, Şabranda 3, Xaçmazda 1 santimetr təşkil edib.
Qarın yağması ilə əlaqədar temperatur dağlıq ərazilərdə mənfi 14 dərəcədir.