REGİONLAR


Güclü sel Şəkinin Kiş kəndində bir sıra fəsadlar törədib VİDEO

A+ A

Şəki, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İyulun 2-də axşam saatlarından başlayaraq Şəki rayonunun dağlıq ərazisinə yağan güclü leysan nəticəsində rayon ərazisindən axan Kiş və Şin çaylarına sel gəlib. Nəticədə Kiş kəndində infrastruktura xeyli ziyan dəyib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 4 metr qalınlığında lilli selin gəlməsi nəticəsində Kiş kəndinin girişində 40 metr uzunluğunda körpü, həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən istiqamətdə körpülər dağılıb, 200 metr uzunluğunda təbii qaz borusu, 4 ədəd elektrik dirəyi, 2 min metrdən çox içməli su borusu sıradan çıxıb. Təbii fəlakət nəticəsində ətraf ərazi lillə örtülüb, bir neçə sakinin həyətyanı və fərdi təsərrüfat sahələrini lilli su basıb, bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib. Selin vurduğu ziyan nəticəsində Şəki şəhərinin, Oxud və Kiş kəndlərinin əhalisinin içməli su, həmçinin Kiş kəndinin elektrik enerjisi və təbii qaz ilə təchizatında problem yaranıb. Təbii fəlakət nəticəsində Şin çayının yuxarı hissəsində quraşdırılmış qoruyucu su bəndinin bir hissəsi dağılıb.

Yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət zonasının yaxınlığında şəhər icra hakimiyyətinin məsul işçilərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə operativ qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə fəlakət baş verən əraziyə dərhal baxış keçirilib. Təhlükəli ərazidə yaşayan əhalinin təxliyyəsi, seldən mühafizə və ərazinin lil qatından təmizlənməsi məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin müvafiq texnikası cəlb edilib. Kiş çayının yaxınlığında yerləşən istirahət mərkəzlərində qalan 80 nəfər vətəndaş “Ovçular evi”ndə yerləşdirilib və ərzaqla təmin edilib.

İyulun 3-də gecə saat 05:10 radələrində təhlükəli ərazidə olan insanların təxliyyəsinə başlanılıb və əməliyyat saat 08:10 radələrində tamamilə başa çatdıb. Hazırda Kiş kəndinin elektrik enerjisi ilə təminatının bərpası istiqamətində işlər görülür.

Yaranmış vəziyyətlə əlaqədar müvafiq komissiyanın yaradılması ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.