CƏMİYYƏT
Güclü təsiredici maddə və narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısını alınıb
Bakı, 8 may, AZƏRTAC
Astara Gömrük İdarəsinin əməkdaşları güclü təsirə malik maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrükçülər İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 10 qram olan “Tramadol” adlı dərman preparatı və 240 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 9,6 qram olan “Metadone” adlı narkotik vasitə aşkarlanıb.
Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələrin siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.