DÜNYA
Güclü zəlzələdən sonra Fukusima prefekturasının əhalisi təxliyyə olunur
Tokio, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də səhər saatlarında Fukusima prefekturasında baş vermiş güclü zəlzələdən sonra Yaponiyanın şimal-şərq rayonlarının əhalisi daha yüksək əraziyə təxliyyə olunur.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, 7,4 bal gücündə zəlzələ səhər saat 5:58-də baş verib. Yeraltı təkanların ocağı təqribən 25 kilometr dərinlikdə yerləşib.
Agentlik Fukusima və Miyaqi prefekturalarında sunami təhlükəsi barədə xəbərdarlıq yayıb. Sakit okean sahillərində yerləşən digər prefekturalara da sunami xəbərdarlığı göndərilib.
NHK televiziya kanalının yaydığı məlumata görə, Miyaqi prefekturasının Senday limanında 1,4 metr hündürlükdə sunami dalğaları qeydə alınıb.
Regionda yerləşən prefekturaların yerli hakimiyyət orqanları əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq göndərərək təxliyyə olunmağı tövsiyə ediblər.
Zəlzələ nəticəsində iki nəfərin yüngül xəsarət alması barədə məlumat yayılıb.
“Tokyo electric power Co.” şirkətinin yaydığı məlumata görə, zəlzələ nəticəsində “Fukusima-2” Atom Elektrik Stansiyasında nüvə millərini soyudan sistem dayansa da, onun fəaliyyəti sonradan bərpa edilib.
Fukusima prefekturasının İvaki şəhərinin yanğınsöndürənləri bildiriblər ki, Hişikimati rayonundakı neft-kimya kompleksində baş vermiş yanğın səhər saat 6:40-da söndürülüb.
Yaponiya hökuməti Baş nazirin iqamətgahında zəlzələ barədə bütün məlumatları toplayan xüsusi operativ qərargah yaradıb.
Zəlzələ zamanı Tohoku xəttində dayanan sürətli “Şinkansen” qatarlarının hərəkəti bərpa olunub. Bununla yanaşı, digər xətlərdə həmin qatarların hərəkəti ya bərpa edilməyib, ya da gecikmələrlə həyata keçirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio