MƏDƏNİYYƏT
“Guinness World Records” sertifikatı Zərifə Salahovanın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir
Bakı, 5 may, Aidə Quluzadə, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya “Guiness World Records” sertifikatı təqdim edilib. Bu münasibətlə mayın 5-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin müəllim-tələbə heyəti, ictimai-siyasi həyatda fəallıqları ilə seçilən qadınlar iştirak ediblər.
Universitetin rektoru Gülçöhrə Məmmədova çıxış edərək Zərifə Salahovanın fəaliyyəti haqqında danışıb. Bildirib ki, Zərifə Salahova təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır.
Diqqətə çatdırılıb ki, bir müddət əvvəl Zərifə Salahovaya Miniatür Kitab Muzeyinin 38 rəfində nümayiş olunan 5700 miniatür kitabdan “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə cavab verən 2913-nün “Ginnesin Rekordlar Kitabı”na salınması ilə bağlı “Guinness World Records” sertifikatı təqdim olunub. Bu isə onun fəaliyyətinə, əməyinə verilən yüksək qiymətin daha bir göstəricisidir.
AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, Zərifə Salahova Azərbaycan qadınlarına nümunə göstəriləcək bir insandır. Xüsusilə gənc nəsil onun əzmkarlığından nümunə götürməlidir. Komitə sədri Zərifə Salahovanın 20 il əvvəl Pekində keçirilmiş IV Ümumdünya Qadın Konfransındakı çıxışını xatırladaraq qeyd edib ki, bu çıxış iştirakçılarda çox böyük maraq doğurdu və Azərbaycan qadınının gücünü bir daha nümayiş etdirdi.
Çıxış edən Zərifə Salahova Miniatür Kitab Muzeyinin yaranması tarixçəsinə nəzər salıb. O qeyd edib ki, qazanılmış bu uğur ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, Ulu Öndərin xalqımızın milli mənəvi dəyərlərinə diqqət və qayğısının daha bir göstəricisidir.
Zərifə Salahova Ümummilli Liderin muzeyin yaradılmasına göstərdiyi mənəvi dəstək haqqında söhbət açıb. Bildirib ki, Heydər Əliyevin uzaqgörənliyinin, vətənpərvərliyinin, təəssübkeşliyinin, milli mənəvi dəyərlərə diqqət və qayğısının nəticələri bu gün göz önündədir və onlardan biri də məhz haqqında söz açdığımız muzeyin yaradılmasıdır. Ulu Öndər yaxşı bilirdi ki, bu kitabların hansı gələcəyi var. Əgər o zaman Heydər Əliyevin qayğısı sayəsində bu yer verilməsəydi və burada belə bir muzey təşkil edilməsəydi, kitabların taleyi naməlum qalacaqdı. Yəni, heç kim bu kitabları görməyəcəkdi.
Sonra Zərifə Salahova öz kitablarından bir neçəsini Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə hədiyyə edib.
Tədbirdə Hicran Hüseynova AQUPDK-nın diplomunu və IV Ümumdünya Qadın Konfransının 20 illiyi ilə bağlı plaketi Zərifə Salahovaya təqdim edib.
Miniatür Kitab Muzeyi Zərifə Salahovanın şəxsi kolleksiyası və ümummilli lider Heydər Əliyevin göstərişi əsasında yaradılıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitab və Müəllif Hüquqları günündə muzeyin açılışı olub. Bu kolleksiya dünyada ilk şəxsi Miniatür Kitab Muzeyi adlanır. Dünyanın 67 ölkəsində çap olunmuş bu kitabların ən kiçik formatlısının ölçüləri 0,75x0,75 millimetrdir. Üç kitab isə 2x2 millimetr formatındadır. Bu mikro kitablar Tokioda “Toppan” nəşriyyatında çapdan çıxıb. Muzeyi ötən müddətdə 250 mindən artıq insan ziyarət edib.