ELM VƏ TƏHSİL
Gülçöhrə Məmmədova: Universitetə daxil olan tələbələr arasında yüksək bal toplamış gənclərin sayı xeyli çoxdur
Bakı, 15 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Sentyabrın 15-də respublikanın bütün tədris müəssisələrində olduğu kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində də Bilik günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru Gülçöhrə Məmmədova yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə ali təhsil ocağının kollektivini, həmçinin tələbələri təbrik edib. Bildirib ki, Bilik gününün qeyd olunması ölkənin ictimai-siyasi həyatında vacib hadisələrdən biridir.
Rektor təhsil sahəsinə ölkəmizdə böyük diqqət və qayğı göstərildiyini, müasir dövrümüzün bilik, elm, innovasiyalar və yüksək texnologiyalar dövrü olduğunu vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan praqmatik və düşünülmüş siyasət nəticəsində Azərbaycanda elm və təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərilir və hər tədris ilinin əvvəlində biz bunun bariz nümunələrini görürük. Bu il də onlarla, yüzlərlə tədris müəssisəsinin təmir olunduğunun, yeni, daha müasirlərinin inşasının şahidiyik.
Respublikanın sosial-iqtisadi inkişafı və xalqımızın maddi rifahının yaxşılaşdırılmasında intellektual potensialın böyük rola malik olduğunu söyləyən G.Məmmədova bu sahədə ali təhsilin, elmin inkişafı ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirildiyini nəzərə çatdırıb.
Rektor bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr pilləsinə 1445 nəfərin qəbul edildiyini, bu göstəricinin ötən illə müqayisədə daha çox olduğunu vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, builki tədris ilində universitetə daxil olan tələbələr arasında yüksək bal toplamış gənclərin sayı xeyli çoxdur. Təsadüfi deyil ki, bu il universitetdə 685 bal toplamış Cəmil Mustafazadə memarlıq ixtisasına qəbul olunub və Prezident təqaüdünə layiq görülüb.
G.Məmmədovanın sözlərinə görə, universitetdə bu illər ərzində təhsil və elm sahəsində bir sıra islahatlar həyata keçirilib, cari təmir və tikinti işləri aparılıb.
Energetika nazirinin müavini Natiq Abbasov çıxış edərək özünün də 31 il əvvəl bu universitetin məzunu olduğunu söyləyib.
Son illər respublikamızda böyük tikinti-quruculuq işlərinin geniş vüsət aldığını deyən N.Abbasov ölkəmizdə inşaat ixtisasına hər zaman tələbat olduğunu nəzərə çatdırıb. Nazir müavini eyni zamanda bildirib ki, inşaat dəqiqlik sevən bir sahədir və onun təməli düzgün qurulmalıdır.
Sonda bu il universitetə yüksək balla daxil olan tələbələrin bir qrupuna tələbə biletləri təqdim edilib.