MƏDƏNİYYƏT
Güldürən və düşündürən Molla Nəsrəddin yenidən səhnədə
Bakı, 11 fevral, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrında Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı tamaşanın məşqləri aparılır.
Tamaşanın quruluşçu rejissoru Xəqani Əliyevdir.
X.Əliyev AZƏRTAC-a eksklüziv olaraq bildirib ki, məzhəkə janrında hazırlanan səhnə əsrində əsas rolu teatrın aktyoru Elçin Hacıyev canlandıracaq.
Tamaşada digər rollarda əməkdar artist Vaqif Kərimov, aktyorlar Rövşən Cəfərov, Ruhiyyə Paşayeva, Ceyhun Əliyev və başqaları oynayacaqlar.
Rejissor deyib ki, xalq müdriki olmuş, sufi kimi tanınmış
Nəsrəddin türkdilli ölkələrdə müxtəlif adlarla məşhur olub.
Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.
Rejissor inamla söyləyib ki, Molla Nəsrəddinin lətifələri əsasında hazırlanan və aprel ayında nümayişi nəzərdə tutulan bu tamaşa da gözəl aktyor oyunu ilə yadda qalacaq.