İDMAN
Güləş üzrə yığmaların məşqçilər korpusunda dəyişiklik edilib
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin iştirakı ilə keçirilən tədbirdə yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Olimpiya Güləş Mərkəzində keçirilən tədbirdə Namiq Əliyev məşqçilər korpusunda edilən dəyişikliklərin yığma komandaların daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.
Qeyd edib ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin tapşırığına əsasən yığma komandaların məşqçilər korpusunda dəyişikliklər edilib. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Çalışacağıq ki, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları, ardınca Las Veqasda Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı və nəhayət, 2016-cı il Braziliyada Yay Olimpiya Oyunları kimi mötəbər yarışlarda güləşçilərimiz maksimum sayda yüksək əyarlı medallar qazanmaqla xalqımızı sevindirsinlər. Bilirik ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin güləşə və güləşçilərə xüsusi diqqət və qayğısı var. Federasiya tərəfindən də hər bir şərait yaradılıb. Etimadı doğrultmaq üçün var-gücümüzlə çalışacağıq.
Yeni dəyişikliyə əsasən Semyon Çterov qadınların millisinə, Saypulla Absaidov isə böyüklərdən ibarət sərbəst güləş yığmasına baş məşqçi təyin olunub.