İDMAN
Güləşçilərimiz Almaniya Qran-prisində qüvvələrini sınayacaqlar
Bakı, 29 iyun, AZƏRTAC
İyulun 2-də Almaniyada sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri start götürəcək. Turnirdə güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 8 sərbəst güləşçimiz Dortmunda gedəcək. Heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinamaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.
Turnirin proqramına əsasən, iyulun 2-də 65, 74, 86 və 97 kiloqram, iyulun 3-də isə 57, 61, 70 və 125 kiloqram çəkidə güləşçilər yarışacaq.
Yunan-Roma güləşi yarışlarında isə yığma komandanın üzvü Rafiq Hüseynov (75 kq) iştirak edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.
Qran-pri beynəlxalq turniri iyulun 3-də yekun vurulacaq.