İDMAN


Güləşçilərimiz İmam Yadigar Kuboku uğrunda 3-cü beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakı, 3 iyul, AZƏRTAC

İran İslam Respublikasının Qum və Çabahar şəhərlərində yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə İmam Yadigar Kuboku uğrunda 3-cü beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, komandalararası yarış xarakterində olan turnirdə hər iki yığmamız iştirak edib.

Yunan-Roma güləşçilərimiz gümüş, sərbəst güləşçilərimiz isə bürünc medal qazanıblar.

Qum şəhərində keçirilən yunan-Roma güləşi üzrə turnirdə 18 komanda 4 qrupda mübarizə aparıb. İraq (10-0), Tacikistan (8-2) və Serbiya (10-0) ilə “D” qrupunda yarışan güləşçilərimiz bütün görüşlərini qələbə ilə başa vurublar. Qrup birincisi kimi yarımfinala yüksələn komandamız Türkiyə yığması ilə gərgin keçən görüşü 6:4 hesablı qələbə ilə yekunlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə İran yığmasının əsas komandası ilə qarşılaşan güləşçilərimiz 3:7 hesabı ilə uduzub və turnirin gümüş medalına yiyələniblər.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyevin rəhbərliyi altında turnirdə Qurban Qurbanov (42 kq), Həsrət Cəfərov (46 kq), Zaur Əliyev (50 kq), Əsgər Əlizadə (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Bəhruz Həziyev (85 kq) və Sərxan Məmmədov (100 kq) iştirak ediblər.

Çabahar şəhərində keçirilən sərbəst güləş yarışlarında isə 16 komanda iştirak edib. İran (9:1), Macarıstan (9:1) və İraq (10:0) komandaları ilə “B” qrupunda mübarizə aparan sərbəst güləş yığmamız qrup birincisi kimi yarımfinala yüksəlib. Yarımfinalda Rusiya yığmasına 7:3 uduzan güləşçilərimiz bürünc medal uğrunda görüşə qatılıblar. Üçüncü yer uğrunda görüşdə digər İran komandası ilə qarşılaşan yığmamız 6:4 hesabı ilə qələbə qazanıb və turniri bürünc medalla başa vurub.

Məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında turnirdə Kənan Heybətov (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Ramiz Həsənov (54 kq), Əsgər Məmmədəliyev (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) iştirak ediblər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.