REGİONLAR


Güllə atıcılığı üzrə Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin ilk qalibi məlum olub VİDEO

Qəbələ, 8 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 8-də Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışların növbəti mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda ilk olaraq kişi idmançılar tüfəngdən 10 metr məsafəyə atəş açmaq uğrunda mübarizə aparıblar.

Bu yarışda Serbiya atıcısı Milutin Stefanoviç qızıl, Çin idmançısı Yunconq Yao gümüş, Macarıstan təmsilçisi İstvan Peni bürünc medal qazanıb.

On metr məsafədən hədəfi dəqiq vuran qadın idmançıların adları isə axşam məlum olacaq.

Qeyd edək ki, iyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparırlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq, hədəfi vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.

Qəbələyə ən çox atıcı Çindən gəlib. Otuz idmançı ilə yarışlara qatılan Çinlə yanaşı, Asiyanın digər ölkələri - Yaponiya, Hindistan, Cənubi Koreya və Tailand komandasının da hər biri Dünya Kuboku yarışlarının Qəbələ mərhələsində 20-dən çox atıcı ilə iştirak edir. Avropa yığmalarından Almaniyanın 21, Rusiya və Polşanın 20 idmançısı mükafatlar uğrunda mübarizə aparır. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.