CƏMİYYƏT
Gün ərzində Cocuq Mərcanlıda 1351 qəlpə aşkarlanıb
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1351 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 42 min 698 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 66 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi doqquz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 236 min 719 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 24-dək 5133 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 10 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 295 min 483 kvadratmetr ərazi yoxlanılıb.