CƏMİYYƏT
Gün ərzində Cocuq Mərcanlıda 1479 qəlpə aşkar edilib VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1479 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 8280 kvadratmetr ərazi (462 kvadratmetr əl ilə, 4300 kvadratmetr mexaniki üsulla və 3518 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 44 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə “OZM-72” mina və 33 ədəd tank əleyhinə mina (9 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 267 min 487 kvadratmetr ərazi (422 min 700 kvadratmetr əl ilə, 360 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 371 min 487 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən martın 30-dək cəmi 5002 partlamamış hərbi sursat, tank əleyhinə 74 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 322 min 121 kvadratmetr ərazi (477 min 334 kvadratmetr əl ilə, 360 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 371 min 487 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.