CƏMİYYƏT
Günay Əfəndiyeva: Türk dünyasının qadın sahibkarları arasında əlaqələrin inkişafı çox ciddi faktordur
Bakı, 25 aprel, AZƏRTAC
Sevindirici haldır ki, bu gün qadın sahibkarlığının inkişafına dair fikir mübadiləsi aparılır, bu istiqamətdə mövcud problemlər müzakirə edilir. Qadın sahibkarlığının daha da inkişaf etdirilməsi üçün qadınların ictimai fəallığının yüksəldilməsinə, qadınların məşğulluğunun artırılmasına, iqtisadi və sosial həyatda iştirakının təşviqinə çalışmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən konfransda səsləndirib. “Türkdilli ölkələri təmsil edən və yenicə fəaliyyətə başlamış beynəlxalq bir təşkilat olaraq, biz də türk dünyasının qadın sahibkarları arasında da əlaqələrin inkişafını çox ciddi bir faktor hesab edir və bunu dəstəkləyirik. Bu baxımdan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi həyata keçirilir. Layihəyə əsasən türkdilli xalqlara məxsus ortaq qadın əl sənətləri, o cümlədən xalçaçılıq, toxuculuq, ipəkçilik geniş şəkildə tədqiq olunur. İlkin mərhələdə Azərbaycan və Türkiyədə yaşayan qadınların həyat tərzi və fəaliyyəti araşdırılsa da, layihənin Qazaxıstan və Qırğızıstanda da davam etdirilməsi planlaşdırılır. Layihənin ayrıca hər bir türkdilli ölkədə həyata keçirilməsi özünəməxsus yerli cəhətlərin, milli xüsusiyyət və dəyərlərin ortaya çıxarılmasına imkan verir və bu baxımdan mühüm əhəmiyyət kəsb edir”, - deyə G.Əfəndiyeva bildirib.