MƏDƏNİYYƏT
“Günay” uşaq teatr-studiyası III Minsk Beynəlxalq uşaq teatr forumundan qayıdıb
Bakı, 1 aprel, AZƏRTAC
“Günay” uşaq teatr-studiyası martın 25-28-də Minskdə keçirilən “Addımlar” (“Şaqi”) III Beynəlxalq uşaq teatr forumunda Azərbaycanı təmsil edib.
Teatrdan AZƏRTAC-ın müxbirinə bildiriblər ki, “Addımlar” beynəlxalq forumu Belarusda və xarici ölkələrdə teatr təhsilinin inkişaf etdirilməsi, teatr sənəti sahəsində istedadlı uşaqların və gənclərin üzə çıxarılması və hərtərəfli dəstəklənməsi məqsədi ilə 2 ildən bir keçirilir.
“Addımlar” forumu yaradıcı əməkdaşlıq istiqamətində addım kimi düşünülüb. Bu il festivalda Belarus, Rusiya, Litva, Latviya, Estoniya və Azərbaycandan kollektivlər iştirak ediblər.
Bütün tamaşalar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festivalın təşkilat komitəsinin qərarına görə, 1,2 və 3-cü yerlərə layiq görülənlər olmayıb.
Azərbaycan 3 diploma birdən layiq görülən yeganə kollektiv olub. Vəli və Telli rollarının ifaçıları Eldar Litver və Leyla Yusifova “Ən yaxşı aktyor duetinə görə” diplomuna layiq görülüblər.
Lalə Rzayevaya Soltan bəy roluna görə “Qəhrəmanın inandırıcı obrazını yaratma ampluasında ən yaxşı səhnə işinə görə” diplomu təqdim olunub. Nəhayət, teatrın bütün kollektivi “Klassik milli əsərin - Üzeyir Hacıbəylinin ”Arşın mal alan” əsərinin səhnə təcəssümündə yaradıcılıq əzminə görə” diplomuna layiq görülüb.
Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edən “Günay” uşaq teatrı çoxlu sayda mükafat və diplomlara, laureat adlarına layiq görülüb. Təkcə teatr nominasiyalarında deyil, həm də xoreoqrafiya nominasiyalarında bir neçə Qran-pri mükafatının sahibidir. İndi isə teatr Belarusdan mükafatla qayıdıb.
Teatrın rəhbəri ssenarist, rejissor Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır.