MƏDƏNİYYƏT


“Günay” uşaq teatr-studiyası Soçidə keçirilən beynəlxalq festivalda uğurla çıxış edib

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

“Sputnik Azərbaycan” agentliyinin multimedia mətbuat mərkəzində “Günay” uşaq teatr-studiyasının iştirakı ilə “Azərbaycanda uşaq və yeniyetmələrin yaradıcılığı: istedadları necə yetişdirməli” mövzusunda mətbuat konfransı keçirilib.

Qeyd edək ki, bu yaxınlarda həmin teatrın truppası Soçidə keçirilən “Yaradıcılıq Olimpində” XX Beynəlxalq müsabiqə-festivalından 5 mükafatla qayıdıb. Teatr-studiyanın bədii rəhbəri Larisa Tarusova xaricdə ölkəmizi uğurla təmsil edən gənc aktyorlarda yaradıcılıq potensialının yüksək olduğunu vurğulayıb.

Bədii rəhbər 2003-cü ildən mövcud olan teatr-studiyanın fəaliyyətindən danışıb. Teatrın təməli L.Tarusovanın estetikanı tədris etdiyi “Günay” uşaq estetika studiyasında qoyulub. “Günay”ın xaricdə ilk çıxışı 2008-ci ildə Moskvada keçirilən “Uşaqlar uşaqlar üçün oynayır” festivalında olub. Bədii rəhbər teatrın uşaqların inkişafına və mənəvi tərbiyəsinə hərtərəfli təsir göstərdiyini qeyd edib. L.Tarusovanın sözlərinə görə, teatr incəsənətin müxtəlif sahələrinin, o cümlədən musiqi və rəqsin sintezindən ibarətdir, özünüifadə formasıdır və müxtəlif xalqların mədəniyyəti ilə təmas deməkdir. O, Muzey Mərkəzi ilə əməkdaşlıqdan və “Muzeydə uşaq mərkəzi” layihəsindən danışıb.

Teatrın xoreoqrafı Günəş Talıbova vurğulayıb ki, kollektivin üzvlərində gələcək peşəkarları görür. O, truppanın Soçi festivalında çıxışından, orada “Nəlbəki” rəqsini təqdim etməsindən danışıb, bu işə can yandırmalarına görə uşaqlara təşəkkürünü bildirib.

Mətbuat konfransında iştirak edən gənc artistlər Azərbaycan və Rusiya şairlərinin şeirlərini oxuyublar. L.Tarusova uşaqlarının istedadlı olduğunu görüb, onları teatra gətirən valideynlərin rolunu qeyd edib. Bədii rəhbərin sözlərinə görə, valideynlər dekorasiyaların və kostyumların yaradılmasında bilavasitə iştirak edir. Teatr həmin dekorasiya və geyimlərə görə müsabiqələrdə mükafatlar alır. Soçi festivalda “Günay” teatr-studiyası ən yaxşı kostyumlara görə diploma layiq görülüb.

Teatrın rəhbəri uşaq evlərində çıxışlar təşkil etmək niyyətini də açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.